Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şahsevən Təzəkənd kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib.
21 oktyabr 2026-cı il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Şahsevən Təzəkənd kəndində sakinlərlə səyyar qəbul keçirib.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, kənd sakinlərini narahat edən məsələlər müzakirə olunub. Müraciətlər əsasən elektrik təchizatı, kəndarası yol, elektrik xətlərinin təhlükəsizliyi, torpaq sahələrinin birləşdirilməsi və əkin sahələrinin suvarılması ilə bağlı olub.
Sakin Səməd Quliyev işıqlanma transformatorunun izolyatorunun sıradan çıxdığını bildirərək bərpasına köməklik göstərilməsini xahiş edib. Məsələnin yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Ağcabədi Elektrik Şəbəkəsinə tapşırıq verilib.
Akif Məmmədov kəndarası yolun cari təmirinə, pay torpaq sahələrindən keçən elektrik xətlərinin təhlükəsiz vəziyyətə gətirilməsinə və torpaq sahələrinin birləşdirilməsi məsələsinə dair müraciətlər edib. Yolun təmirinin nəzərdə tutulduğu bildirilib, elektrik xətləri ilə bağlı Ağcabədi Elektrik Şəbəkəsinə müvafiq tapşırıq verilib. Torpaq sahələrinin iri təsərrüfatlarda birləşdirilməsinin mülkiyyətçilərin hüquqları və qanunvericiliklə müəyyən edilmiş prosedurlar çərçivəsində həyata keçirilə biləcəyi izah olunub.
Sakin Məhəmmədəli Bayramov əkin sahələrinin suvarılması ilə bağlı müraciətlərinin nəzərə alınmasını və yeni subartezian quyusunun qazılmasını müsbət qiymətləndirərək təşəkkürünü bildirib. Məsələ ilə əlaqədar əlavə işlərin görülməsi üçün Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə tapşırıq verilib.
Qəbul zamanı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.






