Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Kəhrizli kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib.
07 oktyabr 2026 | 18:05
07 oktyabr 2026-cı il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Böyük Kəhrizli kəndində sakinlərlə səyyar görüş-qəbul keçirib.
Görüş zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Sakinlər əsasən suvarma, məktəb, elektrik təchizatı və səhiyyə infrastrukturu ilə bağlı problemləri diqqətə çatdırıblar.
Kənd sakini Əliqan Babayev pay torpaqlarının suvarılmasında çətinlik yarandığını, əraziyə xidmət edən subartezian quyusunun nasosunun sıradan çıxdığını bildirib. Məsələ ilə bağlı Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə tapşırıq verilib. İdarənin rəisi Asəf Quliyev rayon üçün ayrılmış 5 subartezian nasosundan 3-nün Kəhrizli kəndi üçün nəzərdə tutulduğunu bildirib.
Sakinlər kənd tam orta məktəbinin vəziyyəti ilə bağlı da müraciət ediblər. Məktəb binasının əsaslı təmirinə və ya yeni binanın tikintisinə ehtiyac olduğu bildirilib. RİH başçısı məsələnin həlli ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Təhsil Nazirliyinə müraciət olunduğunu qeyd edib.
Digər müraciətlərdə subartezian quyusunun mühərrikinin bərpası, elektrik xətlərinin və dirəklərin vəziyyəti, kəndin işıqlandırılması, eləcə də həkim-tibb məntəqəsinin elektrik sayğacı ilə bağlı məsələlər qaldırılıb.
Məsələlərin həlli ilə bağlı Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə və Ağcabədi Elektrik Şəbəkəsinə müvafiq tapşırıqlar verilib. Kənddə daha təhlükəli vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsi, həmçinin növbəlik əsasında SİP kabelləşmə işlərinin aparılması nəzərdə tutulur. Həkim-tibb məntəqəsinin elektrik sayğacı ilə bağlı məsələnin araşdırılması üçün də aidiyyəti şəxslərə tapşırıq verilib.
Səyyar qəbul zamanı qaldırılan məsələlərin aidiyyəti qurumlarla birgə araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar verilib.






