Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı “Leyla təpə” mədəniyyətinə aid yaşayış məskənindəki qazıntılarla tanış olub

23 iyul 2022 | 09:09

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı rayonun Taynaq kənd ərazisində yerləşən “Canavar Təpə” adlanan yerdə alman mütəxəssislərin də iştirakı ilə aparılan arxeoloji qazıntılarla tanış olub.

Artıq iki aya yaxındır ki, rayonda qədim mədəniyyətin yerləşdiyi bu torpaqlarda arxeoloji qazıntılara başlanılıb.

Qazıntılar zamanı ərazidə 5500-6000 il əvvələ aid yaşayış məskəninin izləri üzə çıxmışdır.

Ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, Qarabağ neolit-eniolit ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun sözlərinə görə, Canavartəpə ərazisində aparılan arxeoloji qazıntılar alman arxeoloq doktor Mark İserlis ilə birgə aparılır.

Ekspedisiya  heyəti 30 nəfərdən ibarətdir. Aparılan qazıntılar zamanı ekspedisiya eramızdan əvvəl IV minilliyə aid erkən yaşayış məskəninin qalıqlarını aşkar edib. Leylatəpə mədəniyyətinə aid 4 tsikli qalığı olan xalkolit, erkən və son tunc dövrünə aid qəbirlər, ocaq qurğuları, küp, müxtəlif təyinatlı maddi-mədəniyyət abidələri aşkar olunub. Alimin dediyinə görə, eramızdan əvvəl IV-I minilliklərə aid tapılan skeletlər də böyük maraq doğurur. Bütövlükdə, aparılan qazıntılar sübut edir ki, bu ərazi Qarabağın, eləcə də, Qafqazın sıx əhali yaşayan lokal mədəniyyət mərkəzlərindən biri olub. Hələ qədim dövrlərdən Ağcabədi və Ağdam ərazilərində çoxsaylı əhali məskunlaşıb.

“Qarabağın Leylatəpə fenomeni” layihəsi çərçivəsində aparılan arxeoloji tədqiqatlar coğrafi və ekoloji kontekstdə yaşayış məskənlərinin öyrənilməsini təmin edərək, nəticədə “Leyla təpə” tipli yaşayış məskənlərinin maddi-mədəniyyətinin ətraflı təsvirini verəcəkdir.

Aparılan tədqiqat yüksək keyfiyyətli təsvirlər, fotoşəkillər, şifahi təsvirlər və analitik məlumatlar daxil olmaqla, “Leyla təpə” maddi mədəniyyətinə dair əsas məlumat və nəşrləri təmin edərək, “Leyla təpə” dulusçuluğu, iqtisadiyyatı, yemək vərdişləri və əlavə aspektlər üzrə kritik bilik boşluqlarını doldurmağa kömək edəcək.

İcra Başçısı aparılan bütün bu işlərlə ətraflı tanış olduqdan sonra görülən işlərin gələcəkdə daha da gücləndirilməsinin və arxeoloji qazıntıların eyni zamanda turizm sahəsi üçün əlverişli və maraqlı olmasının vacibiyyətini də vurğulayıb.

Araşdırmaların davam etdirilməsi istiqamətində  tövsiyələrini verən rayon rəhbəri lazım olduğu halda köməklik göstərə biləcəklərini də qeyd edib.

Keçidlər