Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Hindarx qəsəbəsində vətəndaşların müraciətlərini dinləyib
04 noyabr 2026 | 18:09
04 noyabr 2026-cı il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Hindarx qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib. Qəbulda vətəndaşlar tərəfindən sosial, təhsil, səhiyyə və infrastruktur məsələləri ilə bağlı müraciətlər səsləndirilib.
Vətəndaşlar Qaraş Əliyev adına 3 saylı ümumi orta məktəbin tam orta məktəbə çevrilməsi, Hindarx qəsəbə Tibb məntəqəsinin xəstəxanaya çevrilməsi, məktəbin həyətyanı sahəsinin suvarılması, bufetin fəaliyyəti və xadimənin əməkhaqqı ilə bağlı müraciət ediblər. Məsələlərin araşdırılması və aidiyyəti üzrə tədbirlərin görülməsi Ağcabədi Rayonu üzrə Təhsil sektoruna, suvarma məsələsi isə Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə yönəldilib. Tibb məntəqəsi ilə bağlı müraciətin Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının səlahiyyətlərinə aid olduğu bildirilib.
Qəbulda 1924-cü ildə inşa edilmiş köhnə binada fəaliyyət göstərən Körpələr evi-uşaq bağçasının yeni binasının tikintisi məsələsi də qaldırılıb. RİH başçısı binanın texniki vəziyyətinin, infrastrukturun və uşaqların təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə yerində baxış keçirilməsinin, məsələnin araşdırılması və aidiyyəti üzrə məktub yazılmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verib.
Sakinlər qəsəbədaxili avtobus marşrutunun açılması və zibil qutularının yerləşdirilməsi ilə bağlı da müraciət ediblər. Bu məsələlərin həlli üçün Hindarx bələdiyyəsinə müvafiq tövsiyələr verilib.
Həmçinin işlə təmin olunma, fərdi yaşayış evinin layihəyə uyğunluğu və pambıqçılıq üzrə subsidiyaların artırılması məsələləri müzakirə edilib. İşlə bağlı vətəndaşa Qarabağ Regional Məşğulluq Filialının Ağcabədi Xidmət şöbəsinə, fərdi yaşayış evi ilə bağlı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsi tövsiyə olunub. Subsidiyalarla bağlı müraciətin aidiyyəti qurumların diqqətinə çatdırılması nəzərə alınıb.
“Qəsəbədən keçən Ağdam-Hindarx-Ağcabədi magistral yolunun əsaslı təmiri zamanı Hindarx ərazisindən keçən hissədə 5 piyada zolağının çəkilməsinin nəzərdə tutulduğunu RİH başçısı diqqətə çatdırıb.






