Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Cəfərbəyli kəndində səyyar qəbul-görüş keçirib
02 sentyabr 2026 | 18:15
Sentyabrın 2-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Cəfərbəyli kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib.
Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub və qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlər tərəfindən Cəfərbəyli kənd tam orta məktəbinin tikintisi ilə bağlı görülən işlərə görə rayon rəhbərliyinə minnətdarlıq ifadə olunub. Rayon rəhbəri bildirib ki, məktəbin tikintisinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.
Görüşdə əkin sahələrinin suvarılması, kənd avtomobil yolunun vəziyyəti, şor kanalın təmizlənməsi, həmçinin kənddə ödəniş terminalının quraşdırılması ilə bağlı müraciətlər də səsləndirilib.
Suvarma ilə bağlı müraciətin yerində araşdırılması və məsələnin həlli istiqamətində Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müvafiq tapşırıq verilib. Kənd avtomobil yolunun cari təmiri ilə bağlı bələdiyyəyə tövsiyələr verilib. Şor kanalın vəziyyətinin araşdırılması və təmizlənməsi ilə bağlı da aidiyyəti quruma tapşırıq verilib.
Kənddə ödəniş terminalının quraşdırılması ilə bağlı isə məsələnin aidiyyəti ödəniş xidməti təchizatçılarına çatdırılması və araşdırılması üçün müvafiq tapşırıq verilib.
Səyyar qəbul-görüş zamanı qaldırılan məsələlərin hər biri diqqətdə saxlanılıb və onların həlli istiqamətində aidiyyəti üzrə tədbirlərin görülməsi tapşırılıb.






