Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı “AzAqroTaxıl MMC “nin işləri ilə tanış olub
21 noyabr 2025 | 17:54
Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində fəaliyyət göstərən «AzAqroTaxıl» MMC 2500 hektara yaxın ərazidə kənd təsərrüfatı məhsullarının əkini və becərilməsi ilə məşğuldur.
Noyabrın 19-da Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən MMC-nin əkin sahələrinə baxış keçirilib. Səfər zamanı pambıq yığımı prosesinin gedişi yerində izlənilib, növbəti ilin əkininə hazırlanan torpaq sahələri ilə tanışlıq olub.
Şirkət tərəfindən pambıq, qarğıdalı, arpa, buğda, yonca kimi strateji əhəmiyyətli bitkilərlə yanaşı, meyvəçilik sahəsində də uğurlu işlər həyata keçirilir. Belə ki, müəssisəyə məxsus ərazilərdə badam, şaftalı və xurma bağları salınıb. İcra başçısı burada yeni salınmış bağ sahələri ilə də tanış olub.
Söhbət zamanı bildirilib ki, görülən işlər kənd təsərrüfatının inkişafı istiqamətində atılan mühüm addımları və məhsuldarlığın yüksəldilməsinə yönələn məqsədyönlü tədbirləri əks etdirir.






