Ağcabədi Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib
Oktyabrın 27-də Ağcabədi Rayon İcra Hakimiyyətinin akt zalında yığıncaq keçirilib.
Yığıncaqda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, aparatın məsul əməkdaşları, aidiyyəti idarə və təşkilatların, yerli icra nümayəndələri və bələdiyyə, eləcə də sudan istifadə edənlər birliklərinin sədrləri iştirak ediblər.
Tədbirdə çıxış edən icra başçısı Rafil Hüseynov, dövlətimiz tərəfindən kənd təsərrüfatının inkişafına, sahibkarlara, fermerlərə göstərilən dəstək və qayğıdan söz açıb. Həmin qayğının nəticəsi olaraq bölgələrdə, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində əldə olunan uğurlu göstəricilər barədə məlumat verib.
Rayon rəhbəri bütün bunlarla yanaşı mövsümi çətinliklərdən- sudan qənaətlə istifadə olunması, bölgü prinsipinin düzgün aparılması, sudan istifadəyə görə müəyyən edilmiş məbləğin vaxtında ödənilməsindən danışıb, bu məsələdə kənd icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və SİB-lərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Sonra natiq pambıq yığımından məlumat verərək, hava şəraiti ilə əlaqədar olaraq yığımın gecikdiyini, yığım aparılan ərazilərin uçotunun vaxtında və düzgün aparılmasının vacibliyini bildirib.
Rayon rəhbəri həmçinin, qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini, müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılmasını, müvafiq orqanların nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililərin söküldüyünü diqqətə çatdırıb.