Ağcabədi Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinin qeydiyyatı və icrası davam etdirilir.
24 fevral 2026 | 18:41
24 fevral 2026-cı il tarixində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi qəbul zamanı 17 vətəndaş müraciəti dinlənilmiş və icraya yönləndirilmişdir. Daxil olan müraciətlər kateqoriyalar üzrə sosial təminat, maddi yardım və məşğulluq sahəsində 7, kənd təsərrüfatı və suvarma sistemlərinin təmiri istiqamətində 5, torpaq məsələləri və mülkiyyət hüquqları üzrə 3, hüquqi məsləhətlər və digər mübahisəli halların həlli üzrə isə 2 faktı əhatə etmişdir.
Günün yekunlarına əsasən, qaldırılan məsələlərdən 2-si dərhal öz müsbət həllini tapmış, 13 müraciətlə bağlı vətəndaşlara mövcud qanunvericiliyin qaydaları ətraflı izah edilmişdir. Bir müraciətdə qaldırılan məsələnin araşdırılması zamanı faktların tam təsdiqini tapmadığı müəyyən olunmuş, digər bir müraciətin icrası üzrə isə müvafiq işlər hazırda davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən hər bir müraciətə fərdi qaydada yanaşılır və vətəndaşların qanuni tələblərinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.






