Ağcabədi Rayon İcra Hakimiyyətində Şuranın geniş iclası keçirilib
13 mart 2026-cı il tarixində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti geniş iclası keçirilib. İclasda RİH başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, Şuranın sədri Rafil Hüseynov gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirilib ki, iclasın gündəliyinə rayonun sosial-iqtisadi inkişafı, vətəndaş müraciətlərinə baxılması və qarşıda duran vəzifələr daxil edilib.
Gündəlikdə duran birinci məsələ ilə bağlı RİH aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Ərazi-təşkili məsələləri sektorunun müdiri Fuad Musayev məruzə ilə çıxış edərək, rayonun Ağcabədi şəhər, Hindarx qəsəbə, Avşar, Xocavənd, Salmanbəyli və Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində “Təsərrüfatbaşına kitablar”ın işlənilməsi vəziyyəti, həmçinin ötən il qəbul edilmiş qərarların icra vəziyyəti barədə ətraflı məlumat verib.
Daha sonra elektron sənəd dövriyyəsi və vətəndaş müraciətlərinə baxılması məsələsi müzakirə olunub. RİH başçısı aparatının Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun müdiri Mamed Əhmədov Mehrablı, Qaradolaq, Yeni Qaradolaq, Aran, Kəbirli və Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə 2025-ci il ərzində bu sahədə görülmüş işlərin mövcud vəziyyəti barədə məlumat verib.
İclasın üçüncü məsələsi ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasətə uyğun olaraq şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsinə həsr olunub. Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şöhrət Orucov Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli müvafiq Fərmanının rayonda icra vəziyyəti, həmçinin hərbi qulluqçular və onların ailə üzvlərinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə hesabat təqdim edib.
Sonda iclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti qurumlara tapşırıqlar verilib.






