Ağcabədi Rayon İcra Hakimiyyətində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.
Ağcabədi Rayon İcra Hakimiyyətində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup qadınla görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin iclas zalında baş tutan tədbirdə çıxış edən icra başçısı Rafil Hüseynov xanımları bayram münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində yeni uğurlar arzulayıb. O, ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətinin uğurlarından bəhs edərək qadınların idarəetmə, sosial və ictimai sahələrdə rolunun getdikcə artdığını vurğulayıb.
Bildirilib ki, Ağcabədi rayonunun ictimai həyatında qadınların fəallığı və təşəbbüskarlığı rayonun inkişafına mühüm töhfələr verir. İcra başçısı çıxışında həmçinin ailə institutunun qorunmasında və milli-mənəvi dəyərlərimizin yaşadılmasında qadınların müstəsna rolunu xüsusi qeyd edib. O bildirib ki, cəmiyyətin mənəvi dayaqlarını möhkəmləndirən, vətənə layiqli övladlar yetişdirən Azərbaycan qadınları hər zaman böyük hörmət və ehtiramla anılır.
Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən danışan Rafil Hüseynov qeyd edib ki, bu Zəfər həm də vətənpərvər, mərd və igid övladlar böyüdən Azərbaycan analarının mənəvi gücünün və fədakarlığının təcəssümüdür. Görüşdə iştirak edən qadınlar onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda ictimai həyatda fəallıq göstərən bir qrup xanıma bayram münasibətilə gül dəstələri və pul mükafatları təqdim olunub, xatirə şəkli çəkdirilib.






