Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətində 2025-ci il üçün nəzərdə tutulan işlər və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.

03 aprel 2025 | 17:55
Aprelin 3-də Ağcabədi Rayon İcra Hakimiyyətində 2025-ci il üçün nəzərdə tutulan işlər və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakmiyyəti başçısının I müavini Xətai Zeynalov, Ağcabədi Rayon İcra Hakmiyyəti başçısının müavini, Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Toğrul Bünyatov, idarə, müəssisə təşkilatlarının rəhbərləri, bələdiyyələr, kənd inzibati ərazi dairələri üzrə icra nümayəndələri iştirak ediblər.
Toplantını giriş sözü ilə açan Xətai Zeynalov bəzi kəndlərdə yolqırağı zibilliklərin “Aran” qəzeti və qəzetin nəzdində fəaliyyət göstərən “Aran Ağcabədi” internet televiziyası tərəfindən işıqlandırıldığını, məsələyə dərhal reaksiya verildiyini diqqətə çatdıraraq bunun üçün kanalımıza xüsusi minnətdarlığını bildirib. O, qeyd edib ki, məhz bu yayımlardan sonra məsələnin ciddiliyi nəzərə alınaraq bugünkü iclasın gündəliyinə salınıb. Xətai Zeynalov məsələ ilə bağlı müvafiq tapşırıqlar verib.
Çıxış edən Toğrul Bünyatov ötən il və bu il rayon ərazilərində həyata keçirilən təmizlik, abadlıq, ağacəkmə işlərindən danışıb. O, eyni zamanda qarşıdan gələn barama tədarükünə hazırlıq işlərinə də toxunub, indidən kümçülərlə söhbətə başlanılmasının zəruriliyini qeyd edib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulunun davam etdirildiyindən söz açan Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının Ağcabədi rayon xidmət şöbəsinin müdiri Rauf Məmmədov bu barədə ətraflı danışıb. O, çıxışında sənəd qəbulunun həm elektron qaydada, həm də regional sənəd qəbulu mərkəzlərində olmaqla iki formada həyata keçirildiyini diqqətə çatdırıb.
9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttişi Kəramət Balakişiyev aidiyyəti qurum olaraq xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, könüllü yanğın dəstələrinin yaradılması istiqamətində işlərin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Kəramət Balakişiyev yanğın təhlükəsinin ola biləcəyi müəyyən ərazilərdə mütəmadi olaraq bir sıra qabaqlayıcı tədbirlərin həyata keçirildiyini də qeyd edib.
Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Muxtar Bağırov yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə yerləşən sahələrdə baş verən və istənilən halda baş verə biləcək yanğın hadisələrində hər kəsi maksimum diqqətli, ehtiyatlı olmağa çağırıb. Muxtar Bağırov eyni zamanda bu kimi hadisələrin bəri başdan qarşısının alınması məqsədilə təsərrüfatçılar, fermerlər, ümumilikdə sakinlər arasında maarifləndirici söhbətlərin aparılmasının vacibliyini bildirib.
Təxminən bir saata yaxın davam edən iclasda kənd inzibati ərazi dairələri üzrə icra nümayəndəlikləri tərəfindən qaldırılan digər məsələlər də müzakirə edilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Keçidlər