Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçki keçirilib
15 mart 2024 | 16:33
Martın 11-də Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili ilə əlaqədar rayon icra hakimiyyətinin iclas zalında yığıncaq keçirilib.
Yığıncaqda namizəd irəli sürüb-sürülməməsindən asılı olmayaraq rayon ərazisində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının 5 nəfərdən ibarət bərabər sayda təmsilçiləri iştirak ediblər.
Toplantını açıq elan edən seçki komissiyasının sədri Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova İctmai Şuranın fəaliyyətindən danışıb. O, bildirib ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2024-cü il 11 yanvar tarixli 2 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması məqsədilə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili üçün yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla cəmi 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb. Çıxışda həmçinin seçki komissiyası tərəfindən Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın 9 nəfərlik say tərkibinin müəyyən edilməsi, İctimai Şuranın vətəndaş institutları tərəfindən seçilməsinə dair Əsasnaməyə uyğun olaraq, rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində, “Aran” qəzetində və onun nəzdində çalışan internet saytında elan verilərək, namizədlərin irəli sürülməsi müddətinin 2024-cü il yanvar ayının 15-dən fevral ayının 12-dək təyin edilməsi də vurğulanıb. Nəticədə 13 nəfərin namizədliyi komissiya tərəfindən qeydə alınıb.
Seçki komissiyasının sədri çıxışını bitirdikdən sonra yığıncaq iştirakçıları səs vermək üçün seçki bülletenlərində müvafiq namizədlərin adları önünə işarə qoyub, vərəqələri seçki qutusuna atıblar. Daha sonra yığılan səslərin seçki komissiyasının üzvləri tərəfindən hesablanma mərhələsi keçirilib.
Sonda toplanan səs nəticəsində İctimai Şuraya üzv olacaq qalib namizədlərin adları müəyyənləşib və elan olunub. Seçilmiş üzvlərin adlarını təqdim edirik:
Ağayeva Məhsəti Musa qızı
Əsədov Tariyel Məmməd oğlu
İsmayılov Azər Rəsul oğlu
Qafarova Radə Telman qızı
Qarayev Vaqif Baba oğlu
Quliyeva Sevinc Şahverən qızı
Mamedov Samir Eldəniz oğlu
Orucov İman Eldar oğlu
Rəhimov Rəşad Akif oğlu