Ağcabədi Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektoru və Ağcabədi rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Bayraq Muzeyində valideyn konfransı keçirilib.
Dekabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektoru və Ağcabədi rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Bayraq Muzeyində valideyn konfransı keçirilib. Konfransın keçirilməsində əsas məqsəd təhsil müəssisələrində şagird təhlükəsizliyinin təmin olunması məsələlərinin müakirəsi, həmçinin xoşagəlməz halların baş verəcəyi hallarda görüləcək tədbirlər müzakirə olunub.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva, Ağcabədi rayonu üzrə təhsil sektorunun müdiri Teymur Qasımov, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Taleh Abbasov, Ağcabədi şəhər C.İbrahimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Anar Qasımov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, bu mövzu təkcə təhsilin deyil, bütövlükdə cəmiyyətin inkişafı üçün bünövrə rolunu oynayır. Çünki övladlarımızın sağlamlığı, təhlükəsizliyi və rifahı hər birimizin ən böyük prioritetidir. Müasir dövrdə təhsil müəssisələrinin vəzifəsi yalnız şagirdlərə bilik vermək və onları gələcəyə hazırlamaqdan ibarət deyil. Məktəblər həm də onların təhlükəsiz, qayğıkeş, emosional və sosial baxımdan sağlam bir mühitdə inkişaf etməsini təmin etməlidir. Bu işlər təkcə məktəb rəhbərliyi ilə məhdudlaşmır – müəllimlər, texniki işçilər və digər əməkdaşlar da bu prosesə cəlb olunur.
Uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz, sağlam və layiqli mühitdə böyüməsi hər birimizin birgə məsuliyyətidir. Ailədə, məktəbdə və cəmiyyətdə uşaqlara göstərilən diqqət və qayğı onların gələcəkdə şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Bu sahədə valideyn–məktəb–cəmiyyət əməkdaşlığının gücləndirilməsi vacibdir.
O da vurğulanıb ki, uşaqların davranışlarına nəzarət, onların asudə vaxtının düzgün təşkili, yol hərəkəti və ictimai təhlükəsizlik qaydalarına əməl olunması valideyn–məktəb–polis əməkdaşlığını zəruri edir. Eyni zamanda, rəqəmsal mühitdə qarşılaşa biləcəkləri risklərdən qorunmaları üçün maarifləndirmə mühüm əhəmiyyət daşıyır.
Xüsusi olaraq diqqətə çatdırılıb ki, müasir dövrdə uşaqların gündəlik həyatının mühüm hissəsi internet və sosial şəbəkələrlə bağlıdır. Kiberzorakılıq, zərərli məzmun, tanımadıqları şəxslərlə ünsiyyət və şəxsi məlumatların paylaşılması uşaqların psixoloji təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Bu baxımdan valideyn nəzarəti və uşaqlarla açıq, etibarlı ünsiyyətin qurulması çox vacibdir – deyə çıxışçılar qeyd ediblər.






