Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin Sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib

17 fevral 2023 | 17:11

17 fevral 2023-cü il tarixində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının “2022-ci ildə Ağcabədi rayonunun sosial-iqtisadi inkişafının yekunları və  qarşıda duran vəzifələr”ə həsr olunmuş Geniş Şura iclası keçirilib.

Toplantıdan öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində davam edən toplantıda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aqil Abbas, rayonunun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə təşkilatların rəhbərləri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatlarının sədrləri, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, müharibə əlilləri və veteranları, özəl qurumların, ictimai təşkilatların nümayəndələri, qeyri-hökumət təşkilatları, sahibkarlar, fermerlər və media nümayəndələri iştirak ediblər.

Hesabat yığıncağında əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin, eyni zamanda qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələdən həyatını itirənlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Hesabatda 2022-ci ildə Ağcabədi rayonunda görülən işlər barədə hazırlanmış videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.

Daha sonra geniş məruzə ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov il ərzində Ağcabədi rayonunda görülmüş işlər, eyni zamanda qarşıda duran vəzifələrdən söz açıb. Rayon rəhbəri hesabat çıxışında görülən işlərlə yanaşı, bəzi sahələrdə baş verən çatışmazlıqlara, mövcud problemlərə də diqqət çəkib.

Məruzə ətrafında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aqil Abbas, Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Hacıyev, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş həkimi Təranə Məmmədova, Ağcabədi RİH başçısının Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, şəhid atası Sabir Sultanov, Rahib İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbinin direktoru Vüsalə Əliyeva, Qaradolaq kəndindən pambıqçı-fermer Etibar Şirinov, Ağcabədi bələdiyyəsinin sədr müavini Şəmməd Şəmmədov çıxış edib. Çıxışlar zamanı il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Daha sonra söz yığıncaq iştirakçılarına verilib. Ağcabədi şəhər sakini Oruc Axundov son illər rayonda aparılan təmir-tikinti, abadlıq işlərinə görə rayon rəhbərinə, Poladlı kənd sakini Əli Əliyev isə kənddə tam orta məktəb binasının tikintisinə başlanıldığı üçün ölkə rəhbərinə və birinci xanım Mehriban Əliyevaya öz təşəkkür və minnətdarlığını bildirib.

Hesabatla əlaqədar hazırlanmış qərar layihəsini Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Hafiz Hüseynov toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Sonda şura iclası iştirakçıları və rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciət Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi Vüsalə Məmmədova tərəfindən oxunub.

Keçidlər