Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının növbəti iclası keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda komissiya üzvü olan rəhbər şəxslər və aidiyyəti qurumların nümayəndələri iştirak etmişlər. Ağcabədi Rayon İcra Hakimiyyətinin birinci müavini Xətai Zeynalov, həmçinin Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun məsul əməkdaşı, hüquq elmləri üzrə fəlsəfə doktoru Vasif Quliyev də iclasda iştirak etmişdir.
İclas zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyətə, xüsusilə gənclərə vurduğu mənfi təsirlər, eləcə də bu istiqamətdə görülən profilaktik və maarifləndirici tədbirlər geniş müzakirə olunmuşdur. Çıxış edənlər narkomaniyanın ailə institutuna, gənc nəslin sağlam inkişafına və ümumilikdə cəmiyyətin sosial rifahına ciddi təhlükə yaratdığını qeyd etmiş, bu halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulamışlar.
Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir, təhsil müəssisələrində maarifləndirici görüşlər təşkil olunur, əhali arasında hüquqi təbliğat işləri aparılır. Eyni zamanda, gənclərin zərərli vərdişlərdən uzaq tutulması, onların sağlam həyat tərzinə təşviq olunması məqsədilə birgə fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
İclasda aidiyyəti qurumlar arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, profilaktik tədbirlərin intensivləşdirilməsi və bu istiqamətdə həyata keçirilən fəaliyyətin davamlı xarakter almasının əhəmiyyəti vurğulanmışdır.
Sonda komissiyanın fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələr müzakirə edilmiş, müvafiq tapşırıqlar verilmişdir.






