Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində məruzələr davam etdirilir
14 noyabr 2022-ci il tarixdə Mərkəzin elmi işçisi Ruhin Hüseynov Ağcabədi şəhər Ş.Hüseynov adına 2 saylı tam orta məktəbdə şagirdlərə 9 Noyabr- Dövlət Bayrağı Günü, 12 Noyabr – Konstitusiya Günü, 17 Noyabr – Milli Dirçəliş Günü və 21 Noyabr – Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş mühazirələr oxudu. Məruzəçi qeyd etdi ki, Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.Ölkəmizdə həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Daha sonra Milli Dirçəliş Günümüzdən, YAP-ın yaradılması zərurətindən ətraflı bəhs edən Ruhin Hüseynov vurğuladı ki, ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Sonda diskussiya şəklində davam edən tədbirdə bir neçə şagird xüsusi fəallığı ilə diqqəti cəlb etdi.