Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Peşə Məktəbində Novruz coşğusu: Milli adət-ənənələr tələbələrin ifasında canlandı

19 mart 2025 | 18:40
Ağcabədi Peşə Məktəbi, baharın gəlişini və təbiətin oyanışını simvolizə edən Novruz bayramını böyük coşqu ilə qeyd etdi. Məktəbin həyətində təşkil olunan şənlik, milli adət-ənənələrin, musiqi və rəqslərin vəhdətindən yaranan unudulmaz bir bayram atmosferi yaratdı.
Tədbirdə məktəbin müəllim və tələbə heyəti, valideynlər, eləcə də dəvət olunmuş qonaqlar: Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin direktoru İbadət Ağayev, Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq baxçasının müdiri Şəbnəm Mirheydərova, ATENA Süd emalı zavodunun icraçı direktoru Seymur Həsənov, Ağcabədi ASAN Mərkəzinin könüllələr üzrə koordinatoru Pərviz Səmədov iştirak etmişlər. Şənlik, peşə məktəbinin direktoru Fərrux Rəhimlinin çıxışı, Novruzun rəmzləri olan tonqalın qalanması, eləcə də məktəbdə fəaliyyət göstərən ayrı-ayrı qruplar tərəfindən hazırlanan səməni, xonçalar və əl işlərinin nümayişi ilə başladı. Direktor öz çıxışından bütün iştirakçıları, tələbləri, müəllimləri və qonaqları salamladı, bayram münasibəti ilə təbrik etdi, Novruz bayramının, bütövlükdə milli adət-ənənənələrimizin qorunmasının əhəmiyyətindən danışdı. Daha sonra Novruzun atributlarından biri olan bayram tonqalı Bahar qızın və məktəb rəhbərliyinin iştirakı ilə alovlandırıldı və tonqal ətrafında Yallı rəqsi ifa edildi. Qonaqlar tələbələr tərəfindən hazırlanan əl işlərini, Novruz adətlərini və Baharın gəlişini tərənnüm edən rəsmləri yüksək qiymətləndirərək onlara uğurlar arzuladılar və gələcəkdə rayon tədbirlərində bu əl işləri nümayiş etdirməyi təklif etdilər.
Tələbələrin hazırladığı Novruz səhnəcikləri, bayramın tarixi və mədəni əhəmiyyətini əks etdirdi. Milli geyimlər geyinmiş tələbələr, Novruzun adət-ənənələrini, o cümlədən xalq oyunlarını, inanclarını və mərasimlərini canlandırdılar. Xüsusilə, Kosa və Keçəlin məzəli dialoqları və oyunları, iştirakçıların böyük marağına səbəb oldu.
Tədbirdə, həmçinin məktəbin istedadlı tələbələrinin ifasında milli musiqi nömrələri və rəqslər təqdim olundu. Tələbələrin ifasında səslənən Novruz mahnıları, şeirlər bayram ovqatını daha da yüksəltdi. Milli rəqslərin ritmik və coşqun ifası, iştirakçılara xoş anlar yaşatdı.
Rəsmi hissədə həmçinin dəvət olunan qonaqlar da çıxış edərək Novruz bayramı münasibətilə bütün iştirakçıları təbrik etdi. O, Novruzun xalqımızın milli birliyinin, mədəni irsinin və mənəvi dəyərlərinin təcəssümü olduğunu vurğuladı. Çıxış edənlər, həmçinin tələbələrin milli adət-ənənələrimizi qoruyub yaşatmaqda göstərdiyi səylərə görə onlara təşəkkürünü bildirdi.
Şənlikdə, eyni zamanda tələbələrin əl işlərindən ibarət geniş sərgi nümayiş olundu. Sərgidə, Novruz atributları, milli geyimlər, kiçik xalça nümunələri, keramika məmulatları və digər sənət əsərləri nümayiş etdirildi. Tələbələrin yaradıcılıq qabiliyyətləri və sənət bacarıqları, iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.
Tədbirin sonunda, iştirakçılara Novruz şirniyyatları və milli mətbəximizin ləziz təamları təqdim olundu. Şənlik, iştirakçıların xatirələrində unudulmaz bir bayram təəssüratı buraxdı.
Keçidlər