Ağcabədi pambıqçılarının hədəfi 2024-cü təsərrüfat ilini yüksək göstəricilərlə başa vurmaqdır
14 oktyabr 2024 | 09:39
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına başlanılıb.
2024-cü ildə rayonda 1481 fermerlə 3978,2 hektarı “Azərpambıq” MMC, 5040,5 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 2700 hektarı “P-Aqro” MMC, 400 hektar “MKT-İK” MMC-nin Ağcabədi İnnovasiya filialı və 993,3 hektar “Cotton Trade” MMC ilə müqavilə əsasında olmaqla 13 min 112 hektar sahədə pambıq becərilib. Əkin zamanı fermerlər əsasən pambığın “May-505”, “Lazer”, “Altunməyaz-1010”, “Altunbəzay-440”, “”DP-332”, “Fiona”, “May-455”, “Arion” sortlarından istifadə ediblər.
Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir. Bu mövsüm rayon pambıqçılarının hədəfi 43-44 min ton məhsul istehsal etməkdir.
Sentyabr ayında tarlalarda defolyasiya işləri aparılıb. Hazırda məhsulun pambıqyığan kombaynlar vasitəsilə yığımı həyata keçirilir. Toplanan məhsul rayondakı pambıq qəbulu məntəqələrinə təhvil verilir.
Qəbul məntəqəsinə gətirilən xam pambıqdan əvvəlcə nümunələr götürülür, laboratoriyada nəmlik və təmizlik göstəriciləri müəyyən edilir. Pambıq qapanda çəkildikdən sonra tayaya yığılır.
Pambıq qəbulu məntəqəsinə ilk məhsulu təhvil verən fermerlərdən olan Zamil Mamedov bu il yüksək məhsuldarlığa nail olduğunu bildirib: "Bu il 10 hektar sahədə pambıq becərmişəm. Aqrotexniki qulluğu, suvarmanı vaxtlı-vaxtında eləmişəm. İndi də çəkdiyim zəhmətin bəhrəsini götürürəm. Hazırda pambıqyığan maşınla məhsulumuzu yığırıq. Birinci yığıma hər hektardan orta hesabla 40 sentner məhsul götürürük. Pambıq yığımı mövsümünün sonunadək bu göstərici 45 sentnerə qədər yüksələcək. Məhsulumuzdan razıyıq”.