Ağcabədi Mərkəzi Xəstəxanasında ənənəvi olaraq qanvermə aksiyası həyata keçirilib.
Ağcabədi Mərkəzi Xəstəxanasında ənənəvi olaraq qanvermə aksiyası həyata keçirilib. Noyabrın 20-də baş tutan qanvermə aksiyası Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib. Aksiyada idarə, müəssisə, təşkilat kollektivləri və rayon sakinləri iştirak ediblər.
Askiyanın əsas məqsədi talassemiyalı və hemofiliyalı xəstələrə, eləcə də qan azlığı olan, xüsusən bu xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir. Bildiyimiz kimi qan daimi ehtiyacdır, adları çəkilən xəstəliklərdən əziyyət çəkən insanlara bu baxımdan qan yardımları etmək ən nəcib addımlardan biridir.
Xüsusi ayrılmış otaqlarda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin, eləcə Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən sakinlər öncə tibbi müayinələrdən keçiblər. Belə ki, donorların qan təzyiqləri və digər göstəriciləri həkimlərin nəzarətindən keçərək yoxlanılıb. Yalnız bundan sonra donorluğa yararlı olan şəxslər qanvermə askiyasında iştirak ediblər.
Qan vermiş insanlar burada isti çay və şirniyyatlarla təmin olunublar.