Ağcabədi komandası Qarabağ bölgəsi üzrə şahmat turnirində qalib olub
“Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində Qarabağ regionunu üzrə keçirilən şahmat turnirində rayon təhsil sektorlarının 7 komandası mübarizə aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, FIDE qaydaları əsasında keçirilən şahmat turnirində Ağcabədi rayon komandası xal hesabı ilə digər komandaları üstələyərək qalib olub.
Şahmat turniri regional və respublika mərhələsindən ibarətdir. Hər mərhələ üzrə komanda yarışları FIDE qaydaları əsasında keçirilir. Ən yüksək nəticə göstərmiş komanda regional mərhələnin qalibi sayılır və respublika mərhələsində iştirak etmə hüququ qazanır. Region üzrə qalib olan komanda (rayon və ya şəhər) final mərhələdə həm rayonu, həm də regionu təmsil edir.
Növbəti həftələrdə olimpiadanın bilik yarışı istiqaməti üzrə regional mərhələsi də təşkil olunacaq. Bilik yarışında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrində bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
“Zəkaların mübarizəsi” olimpiadasının əsas məqsədi şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə öyrənməyə təşviq etməkdir.