Ağcabədi Bayraq Muzeyində maarifləndirici tədbir keçirilib
18 dekabr 2024 | 10:31
Dekabrın 17-də Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mülki Müdafiə İdarəsinin birgə təşkilatçılığı ilə “2024-cü ilin yekunu, 2025-ci ildə qarışıda duran vəzifələr” mövzusunda tədbir keçirilib. Əsasən maarifləndirici xarakter daşıyan tədbirdə təşkilatçı qurumlarla yanaşı Ağcabədi ümumtəhsil orta məktəblərin direktorları, idarə, müəssisə və təşkilat nümayəndələri, Uşaq bağçası-Körpələr evlərinin müdirləri və mədəniyyət müəssisələri işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçisi Ceyhun Rüstəmov orta məktəblərdə və Uşaq bağçalarında Mülki Müdafiə tədbirlərinin 2024-cü il üçün müəyyən olunmuş tədbirlər planı əsasında adları qeyd olunan müəssisələrdə ardıcıl olaraq uğurla həyata keçirilməsindən danışıb.
Daha sonra çıxış edənlər - Qarabağ Regional Mülki Müdafiə İdarəsinin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, mayor Elçin Rəcəbov, Mülki Müdafiə İdarəsinin Milli müdafiə şöbəsinin rəisi Həsən Nəsirov, eləcə də idarənin baş zabiti, kapitan İntiqam Mikayılov mövzu ətrafında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər. Qeyd olunub ki, məktəblərdə keçirilən belə tədbirlərin əsas məqsədi şagirdləri fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onlara baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyyə olunamağın qaydalarını öyrətmək olub. Xüsusi olaraq vurğulanıb ki, il ərzində həyata keçirilən tədbirlərin nəzəri hissəsində məktəblərin müəllim və şagird heyətinə mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə də mütəmadi olaraq ətraflı məlumatlar verilib.
Sonda tədbir iştirakçılarını maraqlındıran suallar Qarabağ Regional Mülki Müdafiə İdarəsinin əməkdaşları tərəfindən ətraflı şəkildə cavablandırılıb.