Ağabəyli kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir.
25 iyun 2025 | 18:31
İyunun 25-də Ağabəyli kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu keçirilib. Səyyar qəbulda öncə rayon rəhbəri çıxış edib. Sonra sakinləri narahat edən problem və çətinliklər dinlənilib. Kənd sakini Sevda Bağırova kənd ərazisində sosial-iqtisadi sahədə görülən işlərə görə minnətdarlığnı bildirib. Sonra isə içməli suda çətinliklərin olduğunu qeyd edərək içməli su üçün 1 ədəd artezianın vurulmasına köməklik göstərilməsini xahiş edib. İcra başçısı məsələ ilə bağlı müvafiq izahatdan sonra kənd ərazisində əlavə olaraq 1 ədəd içməlu su artezianın plana salınması üçün Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə tapşırıq verib.
Digər müraciətlərdə isə kənddə fəaliyyət göstərən körpələr evi-uşaq bağçasında içməli su və sanitar qovşağının olmaması, kənd ərazisində şəhid adına olan küçənin təmir olunmasına köməklik göstərilməsi, fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsindən yüksək gərginliyi olan elektrik xətinin keçərək təhlükə yaratması, kəndarası avtomobil yolunun yaxşı vəziyyətdə olmaması və s.məsələlər diqqətə çatdırılaraq köməklik göstərilməsi xahiş olunub. Qaldırılan məsələlərin hər biri ilə bağlı sakinlərə izahat verilib, həmçinin problemlərin aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.






