Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Şuşalı şəhid” sənədli filminin təqdimatı keçirildi

08 may 2017 | 11:00

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildən etibarən “Yaddaş” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsilə sənədli filmlərinin istehsalına başlanılmış və bu silsilədən 70-dən çox film çəkilmişdir. Silsilə sənədli filmlər çərçivəsində Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə əlaqədar olaraq respublikamızın bölgələrində “Şuşalı şəhid” sənədli filminin təqdimatı keçirilir. Filmin növbəti təqdimatı Ağstafa rayonu Heydər Əliyev Mərkəzində keçirildi.
Tədbiri Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq Şuşanın işğal olunmasından geniş söz açdı. Xüsusilə qeyd etdi ki, Şuşa şəhəri 08 may 1992-ci il tarixdə erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində işğal olunmuş, bu işğal nəticəsində tarixi mədəniyyət abidələri, muzeylər, mədəni maarif müəssisələri, məscidlər, yaşayış binaları və hətta məzarlıqlar talan edilərək dağıdılmış, 195 nəfər şəhid olmuş, 165 nəfər yaralanmış və 150 nəfər əlil olmuşdur.
Sonra iri ölçülü ekranda “Şuşalı şəhid” sənədli filmi nümayiş etdirildi. Film Qarabağ müharibəsində Şuşa şəhər özünümüdafiə taborunun komandiri olmuş, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs edir, Milli Qəhrəmanla bağlı xronikal kadrların da yer aldığı filmdə döyüş yoldaşları və müəllimləri qəhrəman haqqında xatirələrini bölüşür, onun igidliyindən və göstərdiyi şücaətlərdən söhbət açırlar.
Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin məsul işçiləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Keçidlər