Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Ağcabədidə vətəndaşları qəbul edib
Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. 19 aprel 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Ağcabədi şəhərində Ağcabədi, Ağdam, Beyləqan, Füzuli və İmişli rayonlarından olan sakinləri qəbul edib.Qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.Qəbula gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, Xidmətin müvafiq şöbələrində işə və ya hərbi xidmətə qəbul, şəhid adının verilməsi, müddətli həqiqi hərbi xidmətə çağırılacaq gənclərin gələcək xidmət yerinin müəyyənləşdirilməsi və müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi məsələlərində kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ surətdə yerindəcə həll edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.