Ağcabədi rayonunda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr dair hesabat yığıncağı keçirilib.
Ağcabədi rayonunda 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilib
Aprelin 18-də saat 11:00-da Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.Yığıncaqda rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı ərazi ilk təşkilatının sədrləri, RİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, uşaq bağçalarının müdirləri, sahibkarlar, fermerlər, veteranlar, gənclər və qeyri-hökümət təşkilatının nümayəndələri iştirak etmişdir.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov hesabat məruzəsində bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Ağcabədi rayonunda 2017-ci ilin birinci rübündə də tikinti və abadlıq işləri aparılmışdır.
O qeyd etmişdir ki, bu ilin birinci rübündə Ağcabədi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 67.914,4 min manat olub. Bu, əvvəlki illə müqayisədə 47,4 faiz çoxdur. Bu dövrdə 8.335,8 min manatlıq sənaye, 24.245,3 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 14.178 min manat investisiya yönəldilib. 2016-cı ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 2,7 dəfə, kənd təsərrüfatı istehsalı 19,4 faiz, əsas kapitala yönəldilən investisiyalar 4,7 dəfə artıb.
Aqrar sahədən danışılarkən Ş.Məmmədov bildirmişdir ki, rayonda 2017-ci ildə 8.000 hektarda pambıq əkilməsinin planlaşdırılmasına baxmayaraq 9223,29 ha sahədə pambıq əkini üçün 1195 nəfər torpaq mülkiyyətçisi şirkətlərlə müqavilə bağlamışdır. Bundan 4649,30 ha “MKT-İK” MMC tərəfindən, 4160,99 ha isə “CTS Aqro”MMC tərəfindən əkilmişdir. Hazırda səpin işləri 3953 hektarda aparılmışdır. Cari ildə pambıq əkini sahələrinin becərilməsi işlərinə 15 minə yaxın rayon sakininin cəlb olunması nəticəsində onların məşğulluğunun təmin olunacağı nəzərdə tutulmuşdur.
Həmçinin, bu il rayonda 15 ton barama istehsal olunması nəzərdə tutulmuş və yaxın vaxtlarda kümçülərə ipək qurdunun paylanmasına başlanılacaqdır.
2017-ci ildə rayon ərazisində 2000 ha çuğundur əkini nəzərdə tutulmağına baxmayaraq hazırda birinci rüb ərzində rayonun 33 kəndində 1025 nəfər torpaq mülkiyyətçisi tərəfindən 2311,90 ha sahədə şəkər çuğunduru əkilmişdir.
Hesabat yığıncağında əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsil, mədəniyyət və səhiyyə sahələrində görülən işlər ətraflı təhlil olunub, əldə olunan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.
Natiq çıxışının sonunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin iclasındakı 2017-ci birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıya qoyulan vəzifələri əldə rəhbər tutaraq rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişaf etdirilməsini, sahibkarlığın inkişafını, əhalinin içməli su, enerji və təbii qazla təminatının yaxşılaşdırılmasını, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını təmin etməklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik, uğurlu gələcəyə doğru inamla addımlayacayıq.
Hesabat iclasının yekununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçılarının müraciəti oxunmuşdur.