Xəzərdən başlayan su səyahəti Ağcabədi rayonunda
15 aprel 2017 ci il tarixdə Ağcabədi şəhərindəki Heydər Əliyev Meydanında su festivalı keçirilib.
Əvvəlcə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx nümayiş etdirilib. Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib.
Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanmasından və bu səyahətin Ağcabədi mərhələsindən bəhs edən videoçarxlar təqdim olunub, Xəzər dənizindən götürülmüş suyun Ağcabədi rayonunadək keçdiyi səyahət yoluna nəzər salınıb.
Sonra su qabını daşıyan ağcabədili idmançılar və şəhər 3 nömrəli məktəb liseyin şagirdi alqış sədaları altında səhnəyə dəvət olunublar.
Su festivalı Ağcabədi sakinlərinə yüksək əhval-ruhiyyə bəxş edib. Mərasim iştirakçıları “Mirvari” və “Qarabağ” rəqs qruplarının, Qarabağ Muğam Mərkəzinin və Ağcabədi şəhər uşaq musiqi məktəbinin şagirdlərinin ifasından zövq alıblar.
Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb. Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Horadiz şəhəri olacaq.