Ağcabədidə uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin zona müsabiqəsi keçirilib
Mədəniyyət və Turizm Nazirliyi respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi məqsədilə uşaq xor kollektivlərinin IX Respublika müsabiqəsini keçirir.Ü.Hacıbəyli adına Ağcabədi şəhər incəsənət məktəbində keçirilən zona müsabiqəsində Ağcabədi, Beyləqan, Cəbrayıl, İmişli və Sabirabad rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri iştirak edib. Xor kollektivləri müxtəlif xarakterli, iki və daha çox səsli əsərlər, o cümlədən bir əsər akapella, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri və xalq mahnıları ifa ediblər. Münsiflər heyətinə Dövlət Xor Kapellasının bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru, Xalq Artisti Gülbacı İmanova, Bakı Musiqi Akademiyasının dosentləri Naala Barateliya və Aqil Qafulov daxildir.
Uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin IX respublika müsabiqəsi Ağcabədi rayonu ilə yanaşı, zonalar üzrə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki şəhərləri və Ağdaş, Bərdə rayonlarında da keçirilir. Aprelin 30-dək davam edəcək müsabiqəyə Azərbaycanın bütün bölgələrindən uşaq xor kollektivləri qatılacaq.
Zona müsabiqələrinin qalibləri Bakıda keçiriləcək yekun turda iştirak edəcəklər. Fərqlənən xor kollektivləri, xormeyster və konsertmeysterlər diplom və fəxri fərmanlarla təltif olunacaqlar.