Ağcabədi rayon Mədəniyyət Mərkəzində unudulmaz xanəndə, Xalq Artisti Yaqub Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Azərbaycan Milli Konservatoriyasının “Sirlər xəzinəsi” ədəbi-bədii musiqili məclisləri layihəsi çərçivəsində reallaşan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, musiqisevərlər iştirak ediblər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbirdə çıxış edərək, Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafında Qarabağ muğam məktəbinin nümayəndələrinin rolundan, ölkəmizdə muğamın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Qarabağın bir hissəsi olan Ağcabədi Azərbaycan elminə, incəsənətinə, ədəbiyyatına, mədəniyyətinə onlarla görkəmli şəxsiyyətlər bəxş edib. Azərbaycan milli musiqi sənətinin görkəmli nümayəndələri Üzeyir Hacıbəyli, Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov, Yaqub Məmmədov bu torpağın yetirmələridir.
Milli Kitabxananın direktoru Kərim Tahirov “Sirlər xəzinəsi” layihəsi çərçivəsində ilk tədbirlərin dahi Məhəmməd Füzuliyə və görkəmli şairə Xurşidbanu Natəvana həsr edildiyini bildirib. Növbəti ədəbi-bədii musiqili məclisin Ağcabədidə keçirilməsinin heç də təsadüfü olmadığını, görkəmli xanəndə Yaqub Məmmədovun bu torpaqlarda doğulub-böyüdüyünü xatırladıb.
Yaqub Məmmədov yaradıcılığı haqqında çıxış edən Xalq artisti Arif Babayev, Beynəlxalq Muğam Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı görkəmli xanəndənin Qarabağ xanəndəlik məktəbinin yetirməsi olduğunu, onun Seyid Şuşinskidən muğam dəstgahlarının, xanəndəlik sənətinin sirlərini öyrəndiyini, sənətdə öz ənənələrini yaratdığını, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bildiyini söyləyiblər.
Yazıçılar Birliyinin Qarabağ bölgəsinin sədri Ənvər Əhməd, Ağcabədi rayonunun ziyalısı Əbülfət Tapdıqov, rayon ağsaqqalı Seyid Rasim xanəndə haqqında xoş xairələrini danışıblar.
Məclis boyu Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Zabit Nəbizadə, Əməkdar artistlər İlkin Əhmədov və Sevinc Sarıyeva sənətkarın repertuarından muğamlar və təsniflər səsləndiriblər. Tədbirdə, həmçinin ağcabədili gənc müğənnilərin də ifasında muğam və təsniflər dinlənilib, görkəmli xanəndə Yaqub Məmmədovun lent yazıları səsləndirilib.
İştirakçılar Milli Kitabxananın qızıl fondunda qorunan muğam haqqında, eləcə də Yaqub Məmmədovun həyat və yaradıcılığına dair kitablar, məqalələr və disklərdən ibarət sərgi ilə tanış olublar.