Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Dilsuz Qarayevin il mərasimi ilə bağlı anım tədbiri keçirilmişdir

04 aprel 2017 | 11:00

Aprelin 4-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində Azərbaycan Ordusunun giziri, aprel döyüşləri zamanı şəhid olmuş Dilsuz Qarayevin il mərasimi ilə bağlı şəhidin məzarı üzərində anım tədbiri keçirilmişdir. Rayon ictimaiyyətinin, qəsəbə sakinlərinin, şəhidin yaxınlarının iştirak etdikləri mərasimdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirildi. Sonra rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva çıxış edərək Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı qələbədən, bu qələbənin Ermənistanı təşvişə salmasından danışdı. Diqqətə çatdırıldı ki, Azərbaycan əsgərinin ötən ilin aprelində əldə etdiyi qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Daha sonra şəhidin anası onlara göstərilən diqqət və qayğıdan danışaraq buna görə öz minnətdarlığını bildirdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Yalçın Sadıqlı da çıxış edərək qeyd etdi ki, xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anır. Aprel şəhidləri hərb tariximizə yeni şanlı səhifələr yazdı. Məhz bu qələbə nəticəsində bu gün Cəbrayılın Cocuq Mərcanlı kəndində geniş tikinti-quruculuq işləri aparılır. Aprel döyüşləri bir daha göstərdi ki, Silahlı Qüvvələrimiz Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyə qadirdir.
Daha sonra rayonun tam orta məktəblərinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Sonda mərasim iştirakçıları şəhidin məzarı üzərinə tər çiçək dəstələri düzərək onun xatirəsini yad etdilər.
Tədbirdən sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhidin il mərasimində iştirak etmişdir.

Keçidlər