31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir
30 mart 2017-ci il tarixdə saat 16:00-da Ağcabədi rayon İcra Hakimiyyətində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti aparatının işçiləri, rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov açıq elan etmiş, soyqırım qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra 31 mart soyqırımı barədə məruzə ilə çıxış etmək üçün RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayevaya söz verilmişdir. N.Musatafayeva tədbir iştirakçılarına 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ətraflı məlumat verərək bildirmişdir ki, 1905-1907-ci illərdə Bakıda və Azərbaycanın digər bölgələrində, habelə indiki Ermənistan ərazisində xalqımıza qarşı qanlı qırğınlar törədilib. Ermənilər Bakıda soyqırımı törətməyə 1918-ci ilin yanvarında cəhd etsələr də, onların bu planı baş tutmayıb. Lakin erməni şovinistləri bu məkrli niyyətlərini 1918-ci ilin martında həyata keçirərək on minlərlə günahsız insanı qətlə yetiriblər. Soyqırımının ildönümləri 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımına və iki əsrə yaxın davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Bu qanlı cinayətlərə görə layiqli cəzalarını almayan ermənilər 1992-ci ilin fevralında Xocalı şəhərində daha bir soyqırımı törədərək yüzlərlə azərbaycanlını qətlə yetiriblər.
Natiq məruzəsində qeyd edib ki, mart soyqırımına ilk hüquqi-siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən, xalqımız hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi dərin hüznlə qeyd edir.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Ş.Məmmədov Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamını tədbir iştirakçılarının nəzərinə çatdıraraq, sərəncamın müvafiq bəndlərinə uyğun tapşırıq və tövsiyyələrini vermişdir.