Ağcabədi rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir.
18 mart 2017-ci il tarixdə Ağcabədi rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ağcabədililəri bayram münasibətilə təbrik etmiş, qədim adət-ənənələrimizdən olan Novruzun xalqımız tərəfindən həmişə böyük sevinclə qarşılandığını bildirmişdir. Natiq onu da vurğulamışdır ki, işğal altında olan bütün torpaqlarımız Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində azad olunacaq və məcburi köçkünlər gələn Novruz bayramını öz doğma ocaqlarında qeyd edəcəklər.
Bayram tədbirində rəsm, əl işləri və gül müsabiqələri keçirilmişdir. Rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı şən və rəngarəng proqram tamaşaçılarda xoş ovqat yaratmışdır.
Bayram şənliyində tonqallar alovlanmış, milli adət və ənənələr yad edilmişdir. Faytonla meydana daxil olan Bahar qızı və əlində od tutmuş Dədə Qorqud mərasim iştirakçılarını Novruzun gəlişi münasibətilə təbrik etmiş, onlara bol ruzi, əmin-amanlıq və xoş günlər arzulamışlar. Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların və kəndirbazın çıxışları maraqla qarşılanmışdır.
Tədbirdə milli atçılıq oyun növü olan çövkən oyunu nümayiş olunmuş, qalib komandaya kubok və hədiyyələr verilmişdir.