Ağcabədili məktəblilər Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşdülər.
23 mart 2017- ci il tarixdə respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində ağcabədili məktəblilər Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşüblər. Rayon rəhbərliyinin, təhsil işçilərinin, valideynlərin iştirak etdikləri yolasalma mərasimindən əvvəl 6 rayondan olan tur-aksiya iştirakçıları şəhərin mərkəzindəki Heydər Əliyev Meydanında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbiri Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov açaraq bildirib ki,artıq dördüncü ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halını alıb.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.
Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 6 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 10255 nəfər iştirak edib.Ağcabədi məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada üç dəfə iştirak ediblər və bir dəfə Ağcabədi rayonuna səfər olunub.
Natiq onu da qeyd edib ki,bu il martın 16-19 və 23-26 tarixlərini əhatə edəcək növbəti - 7-ci tur-aksiyada isə 6 istiqamət üzrə 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3393 nəfər iştirak edəcək. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 14 minə yaxın olacaq.23-26 mart 2017-ci il tarixlərində Ağcabədi, Bərdə, Beyləqan, İmişli, Ağdam, Füzuli rayonlarından ibarət tur iştirakçıları Qəbələ-Şəki-Zaqatala rayonlarına səfər edəcəklər.Qəbələ-Şəki-Zaqatala rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı və əsrarəngiz təbiəti ilə yaxından tanış olacaqlar. Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Aksiyanın hər iki mərhələsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçiriləcək, qaliblərə xatirə hədiyyələri təqdim ediləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.
Tədbir Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına şəhər İncəsənət məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.