Novruzun gəlişi münasibətilə Ağcabədi şəhərinin mərkəzi stadionunda bayram satış yarmarkası təşkil edilib.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən yarmarka Novruz bayramı ərəfəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək, həmçinin süni qiymət artımının qarşısını almaq məqsədi daşıyır.Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Rayonun yaşayış məntəqələrindən gətirilmiş ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və bayram çərəzləri bazar qiymətindən orta hesabla 15-30 faiz ucuz satılıb. Yarmarkaya 8200 kiloqram ət, 23 ton un, 31 min ədəd yumurta, 22 ton taxıl məhsulları çıxarılıb. Un (50 kq) 24 manata, mal əti 5 manata, qoyun əti 7 manata, taxıl 20 qəpiyə, yumurta 10-15 qəpiyə təklif olunub.Yarmarkada meyvə-tərəvəz 15 faiz, “Atena” MMC və “Səba” ASC tərəfindən çıxarılan kərə yağı, toyuq və digər süd məhsulları isə 30 faiz ucuz olmaqla satılıb.Sakinlər yarmarkanın keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər.