Ağcabədi rayonunda Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir.
Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə fevral ayının 24-də rayon ərazisində yerləşən hərbi hissələrdə tədbirlər keçirilmişdir.
N saylı hərbi hissədə keçirilən tədbiri YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov açmış, Xocalı şəhidlərinin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə I qrup Qarabağ Müharibəsi əlili, Qarabağ Müharibəsi əlilləri,veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri İsmayıl Məhərrəmov, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, N saylı hərbi hissənin əsgəri Taleh Əlizadə, Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məhsəti Musa, Azərbaycan Yazıçılar Birliyinin və “Ələk” ədəbi məclisinin üzvü Tahirə İsaqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Yusif Kamal, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Zahid Eloğlu çıxış etmiş və eyni zamanda Xocalıya həsr etmiş şeirlərini oxumuşlar.
Tədbirdə Ağcabədi şəhər 5 saylı uşaq bağçasının uşaqları ədəbi-bədii kompozisiya ilə və Hindarx qəsəbə sakini, keçmiş döyüşçü Xəyyam Həziyevin rəhbərlik etdiyi hərbi-idman klubunun üzvləri hazırladıqları hərbi-idman və döyüş səhnələrini əks etdirən proqramla çıxış etmişlər.
Hərbi hissənin şəxsi heyət üzrə komandir müavini kapitan Fərid Tahirov çıxış edərək keçirilən tədbirə görə qonaqlara öz təşəkkürünü bildirmişdir.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilmişdir.