Ağcabədidə Xocalı Faciəsinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir.
Ağcabədi rayonunda Xocalı Faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbirlər davam edir.
Növbəti tədbir fevral ayının 23-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında keçirilmişdir. Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov açmışdır.Xocalı şəhidlərinin, Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Nazim Bünyatov çıxışında qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşər tarixində görünməmiş ən qanlı soyqırım törədilmişdir. Həmin gün insan qanına susamış erməni cəlladları Azərbaycanın qədim yaşayış məskəni olan Xocalıda qətliam törədib, yüzlərlə dinc insanı, o cümlədən qadın, uşaq və qocaları qətlə yetirmişlər. Həmin gecə erməni qəsbkarlarına Rusiyanın 366-cı motoatıcı alayının hərbi texnikası və canlı qüvvəsi də kömək göstərərək tarixdə misli görünməmiş bir cinayət törətdilər. O vaxtdan 25 il ötməsinə baxmayaraq baş vermiş faciə hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxmış, hamı həmin soyqırımın günahsız qurbanlarının ruhunun dinclik tapacağı günü- Qarabağın işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyir.
Biz bu günkü tədbirə rayon ərazisində yerləşən hərbi hissənin əsgərlərini də dəvət etmişik. Biz inanırıq ki, bu zalda əyləşən gənc əsgərlərimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə müntəzir olaraq Azərbaycanın üçrəngli bayrağını Dağlıq Qarabağda dalğalandırmaq əzmindədirlər. Biz əsgərlərimizin rəşadətini ötən ilin aprel ayında bir neçə gün davam edən döyüşlərdə görmüşük.
Tədbirdə Qarabağ Müharibəsi əlilləri, Şəhid ailələri, İctimai Birliyinin sədri I qrub Qarabağ Müharibəsi əlili İsmayıl Məhərrəmov, YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının sədri Radə Qafarova, N saylı hərbi hissənin əsgəri Bəhruz Qədirli, Ağcabədi Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Təyyar Hacıyev, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov çıxış edərək demişlər ki, erməni qəsbkarlarının zaman-zaman Azərbaycan xalqına qarşı dəhşətli qırğınlar törədərək torpaqlarımızı ələ keçirmiş, bu yolda insanlığa sığmayan ən çirkin üsullara əl atmaqdan belə çəkinməmişlər. Çıxışlarda vurğulanmışdır ki, artıq ermənilərə öz yerlərini göstərməyin vaxtı çatmışdır. Rəşadətli ordumuz buna qadirdir. Əgər siyasi yolla ermənilər işğal etdikləri torpaqlarımızı qaytarmasalar bizim ordumuz torpaqları işğaldan azad etməyə qadirdir.
Tədbirdə Yaradıcı ziyalılardan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Məhsəti Musa, Azərbaycan Yazıçılar Birliyonin üzvü, rayonda fəaliyyət göstərən “Ələk ” ədəbi birliyinin üzvü Tahirə İsaqızı çıxış etmiş və eyni zamanda Xocalıya həsr etdikləri şeirlərini oxumuşlar.
Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Şair Gündüz Sevindiyin rəhbərlik etdiyi “Həvəskar aktyorluq və bədii qiraət kursu”nun tələbələrinin ifasında Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii şeir kompozisiyası, Ağcabədi şəhər 5 saylı uşaq bağcasının uşaqlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilmişdir.