Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilmişdir
Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq 24 fevral 2017-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzi, Ağcabədi Pedaqoji Kolleci, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində anım - tədbiri təşkil edilmişdir.
Tədbirdə öncə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş nitqi ilə açan Ağcabədi Pedaqoji Kollecin direktor müavini Rövşən Bayramov Xocalı faciəsi haqqında məlumat verərək bildirmişdir ki, tarix boyu vətəndaşlarımıza qarşı dəfələrlə cinayətlər törədən ermənilər XX ərsin sonlarında növbəti bəşəri tarixi cinayəti – Xocalı soyqırımını törətdilər. Mənfur düşmən ordusu 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xankəndi şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc sakinlərə divan tutdular. 613 nəfər sakinin qəddarcasına qətliamı, 1275 nəfərin girov götürülərək ən ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi erməni vandallarının həyata keçirdiyi siyasətin ən qanlı səhifələrindən biri olmuşdur.
Daha sonra Ağcabədi Pedaqoji Kollecin tarix müəllimi Şahin Hacıyev məruzə ilə çıxış etdi.
Məruzədən sonra isə mövzu ətrafında çıxışlara başlanıldı. Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Y. Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzinin direktoru Məzahir Mehdiyev Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bildirmişlər ki, Xocalı soyqırımı işğalçı ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyinin dəhşətlərini bütün çılpaqlığı ilə üzə çıxardı. “Bu dəhşətli faciə həm də Azərbaycanın Qarabağ müharibəsində aldığı ən böyük yara idi”. Çıxışlar zamanı o da vurğulanmışdır ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın misilsiz xidməti olmuşdur. Onun təşəbbüsü ilə 2008-ci ilin may ayında “Xocalıya ədalət” kampaniyası başlanılmışdır. Bu kampaniya çərçivəsində Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın və dünyanın digər ölkələrində faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. "Xocalıya ədalət" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Sonda Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun rəhbəri Gündüz Sevindik və kurs üzvlərinin iştirakı ilə Vətən şəhidlərinə həsr olunmuş “Bu dağların qoynunda yaşıl bir kənd varıydı” adlı ədəbi-bədii şeir kompozisiyası nümayiş olundu.