Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Erkən nigaha yox” başlığı altında silsilə tədbirlərə start verildi.

31 yanvar 2017 | 11:00

Ağcabədi rayon İcra Hakimiyyəti (ARİH),YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası,Rayon Təhsil Şöbəsi,Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nigaha yox” başlığı altında silsilə tədbirlərə start verildi.
     İlk tədbir 24 yanvar 2016-cı il tarixində Ağcabədi rayon,Avşar kəndində şagirdlərin,valideyinlərin,kənd ziyalılarının iştirakı ilə keçirilmişdir.
     Tədbirdə ARİH Yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın katibi Nicat Axundov, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, Qadınlar Şurasının üzvü,Rayon Təhsil Şöbəsinin müdiri Solmaz Rəhimova, Qadınlar Şurasının üzvü,6 saylı tam orta məktəbin direktoru Nərminə Əkbərova, YAP Ağcabədi rayon təşkilatı Gənclər birliyinin sədr müavini,Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatının baş məsləhətçisi Mehman Novruzov iştirak etmişdir.
     Tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin müdiri Solmaz Rəhimova bildirmişdir ki,ailə məsələlərində ciddi məqamlardan biri də erkən nikah məsələsidir. Belə ki, ailə quran tərəflərin yaşlarının rəsmi nigah üçün müəyyən olunmuş yaş həddindən belə aşağı olması ailədə bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nigahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. Eyni zamanda  erkən nigah nədir, onun ortaya çıxardığı problemlər, səbəbləri nələrdir və qarşısının alınması üçün bu gün nə kimi addımların atıldığından da söhbət açmışdır.
      YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova qeyri-rəsmi nigahlara münasibət bildirərək qeyd etmişdir ki,elə insanlar var ki, onlar el adəti, ana-ata xeyir-duası ilə ailə həyatı qururlar, lakin onlar öz nigahlarını rəsmiləşdirmirlər. Bunun da iki səbəbi olur, ya yetkinlik yaşlarına çatmalarına baxmayaraq nigaha o qədər də önəm vermirlər, yaxud da qanuni cəhətdən onların nigahının rəsmiləşdirilməsi üçün yaşları çatmır. İkinci səbəb elə erkən nigah deməkdir. Erkən nigahlarda da hər iki tərəfin yaşının rəsmi nigah üçün uyğun olmamasına və ya kişinin yaşının çox olub, qadının azyaşlı olmasına təsadüf edilir. Əslində, erkən nigahlarda nigah bağlanmadığı üçün pozulmur da. Belə nigahlar qeyri-rəsmi nigahlar siyahısında olur və onların ailəsində dünyaya gələn uşaqların adları da qeyri-rəsmi nigahdan doğulan uşaqlar siyahısının davamıdır: “Əgər kişinin yaşı nigah yaşına daxil, qadının yaşı daxil deyilsə, bir müddət keçdikdən sonra olur ki, qadın da artıq nigahının rəsmiləşdirilməsini istəyir. Bir çox hallarda da onunla qarşılaşırıq ki, kişi artıq nigahını rəsmiləşdirmək istəmir. Çünki onun artıq başqa qadınla rəsmi nigahı olur. Belə olduqda qadın artıq nigahı bağlanmamış onu pozma qərarına gəlir. Bu kimi hallarda da ən çətin vəziyyətdə qalanlar da qadınlar olur”. Belə olduqda qadının, ilk növbədə, psixoloji durumu gərginləşir: “Erkən yaşda ailə quran qızların əksəriyyətinin sağlamlığında böyük problemlər yaranır, onların xəstə uşaq dünyaya gətirmək ehtimalı böyük olur, digər tərəfdən psixoloji cəhətdən çox zəif olurlar. Həmçinin, hamıya məlumdur ki, erkən nigah savadsızlığın da artmasına səbəb olur. Çünki erkən nigaha daxil olan qızların əksəriyyəti, demək olar ki, hamısı nəinki ali təhsil, tam orta təhsil belə almırlar”. Bu daha bir problemin təməlini qoyur. Belə ki, gələcəkdə də ali savadlı bir xanım kimi hər hansı bir işə qəbul ola bilmirlər və daha az əmək haqqıyla işləmək məcburiyyətində qalırlar. Bu da ailənin maddi vəziyyətində çətinliklər yaradır.
      Maraqlı müzakirələrlə davam edən tədbirdə  çıxış edən bütün natiqlər erkən nigah hallarının hüquqi tərəflərini iştirakçıların diqqətinə çatdıraraq,bu halların  aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlərin gücləndirilməsi və daha geniş kütləni əhatə etməsinin vacibliyini  vurğuladılar.

Keçidlər