Ağcabədi şəhər 6 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilmişdir.
19 yanvar 2017-ci il tarixində YAP Ağcabədi rayon təşkilatı Qadınlar şurası və rayon Təhsil şöbəsinin birgə əməkdaşlığı ilə keçirilən silsilə tədbirlər çərçivəsində növbəti tədbir Ağcabədi şəhər 6 saylı tam orta məktəbdə təşkil eidlmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq élan edildi və həmin gecə şəhid olan vətən oğulları və qızlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri YAP Ağcabədi rayon təşkilatı Qadınlar şurasının sədr müavini, məktəbin direktoru Nərminə Əkbərova açaraq bildirmişdir ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi bir il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sonra 6 saylı ərazi ilk partiya təşkilatının sədri,məktəbin müəllimi Əli bədəlov çıxış edərək ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxarmasını şagirdlərin diqqətinə çatdırdı.
Tədbirin yekununda YAP Ağcabədi rayon təşkilatı Qadınlar şurasının sədri Radə Qafarova çıxışında vurğulamışdır ki,Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Tədbirin sonunda şagirdlrinin ifasında milli vətənpərvərlik ruhunda ədəbi –bədii kompazisiya təqdim edilmişdir.
Fotomüxbir Mais Amin AZpress.AZ Ağcabədi rayonu
Fotolar : Toğrul İbrahimovundur.