Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində tədbir keçirilib

19 yanvar 2017 | 11:00

17 yanvar 2017-ci il tarixində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar – Tariximizin şanlı səhifəsi” adlı tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsini özündə əks etdirən “Qanlı Yanvar” adlı sərgi ilə tanış oldular. Daha sonra tədbir iştirakçıları tərəfindən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin ikinci hissəsini giriş nitqi ilə açıq elan edən Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa 20 Yanvar faciəsi və Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizələr haqqında qısa məlumat verərək bildirmişdir ki, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirmişdir. O zaman yalnız Ümummilli Liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Daha sonra Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Leyla Səfərova “Qəhrəmanlıq səlnaməsi “ adlı məruzə ilə çıxış etdi. Məruzədən sonra mövzu ətrafında çıxışlara başlanıldı. YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov, Ağcabədi rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Mamedov, M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbin direktor əvəzi Lətafət Əlizadə, M.Əsədov adına şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi Fəridə Niftalıyeva çıxış edərək bildirmişdilər ki, Azərbaycan tarixinin ən şərəfli və həm də ən faciəli anlarından olan 20 yanvar milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası oldu. SSRİ rəhbərliyinin fitvası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları xalqın milli müstəqillik uğrundakı mübarizəsinə təkan verdi. Azərbaycana və azərbaycanlılara qarşı həmişə qərəzli mövqedə olan o zamanki rəhbərlik isə ədaləti bərpa etmək əvəzinə Azərbaycana qoşun yeritməyə, azərbaycanlılara divan tutmağa üstünlük verdi. 1990-cı il yanvarın 20-də Sovet ordusu Bakıya yeridildi. Bir gecədə 137 insan qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs edildi. Çıxışçılar məhz Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə qanlı yanvar hadisələrinə siyasi-huquqi qiymət verildiyini, faciənin dünya ictimaiyyətinə doğru, düzgün çatdırılmasında və beynəlxalq müstəvidə tanıdılmasında onun atdığı addımların mühüm rol oynadığını vurğuladılar.
Daha sonra Mərkəzdə fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvlərinin ifasında 20 Yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Sonda 20 Yanvar hadisələrini özündə əks edirən kadrlardan ibarət sənədli film nümayiş etdirildi .

Keçidlər