Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə “N” hərbi hissədə “Açıq qapı” günü keçirilib

06 yanvar 2017 | 11:00

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Ağcabədi rayonu ərazisindəki “N” hərbi hissəsində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən hərbi hissənin komandiri polkovnik leytenant Səxavət Əmirov şəxsi heyəti və valideynləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında məlumat verib və onları oqrşıdan gələn 2017-ci Yeni İl münasibətilə təbrik edib, onlara əmin-amanlıq və cansağlığı arzulayıb. Çıxışlarda ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işlərdən söhbət açılıb. Bildirilib ki, Azərbaycan ordusu bu gün regionun ən güclü ordusuna çevrilib. Ordumuzun qarşısında duran ən vacib vəzifə işğal altında olan torpaqlarımızın azad edilməsi, respublikamızın ərazi bütövlüyün bərpa olunmasıdır. Silahlı qüvvələrimiz bu vəzifəni yerinə yetirməyə hazırdır və buna qadirdir.Tədbirdə çıxış edən Bakıdan gəlmiş əsgər atası Məmmədov Nurəddin , günü-gündən qüdrətlənən Azərbaycan ordusu ilə fəxr etdiklərini bildirib, əsgərlərimizə Vətənə şərəflə xidmət etməyi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda Ali Baş komandanın əmri ilə hər an döyüşə atılmağa hazır olmağı tövsiyə etdi. Sonra valideyinlər hərbi hissədə texnika və silahlarla, qida rasionuna daxil olan ərzaq nümunələri, əsgər geyimləri ilə yaxından tanış olub, şəxsi heyətin xidmət və məişəti üçün yaradılan şəraitlə maraqlanıb, yataq yerlərinə, tibb məntəqəsinə və yeməkxanaya baş çəkiblər. Valideynləri maraqlandıran suallar hərbi hissə komandanlığı tərəfindən cavablandırılıb.Ağcabədi rayon Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi məktəbinin müəllim və şagird kollektivinin ifasında rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl Yeni İl əhval ruhiyyəsi yaradıb. Qonaqlar əsgərlərlə birgə rəqs edib, şənləniblər. Sonra əsgərlər və valideynlər birgə nahar ediblər.

Keçidlər