Ağcabədi rayonunda Beynəlxalq Əlillər Günü qeyd edildi
03.12.2016-ci il tarixdə Ağcabədi rayon Qızıl Saray şadlıq evində Əlillər Günü qeyd edildi.Tədbirdə iştirak edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov çıxışında qeyd etdi ki, insanların hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaşı, əlillər də vardır. Əlillik eyib sayılmamalıdır, çünki bu insanlar fiziki cəhətdən tam olmasalar da, onlarda da nəcib ürək, saf insani keyfiyyətlər, yüksək bilik, bacarıq və intellektual qabiliyyətlər vardır.İndi dünyada xeyli əlil var. Əlbəttə, onların bir hissəsi XX əsrin ən dəhşətli fəlakəti sayılan İkinci Dünya müharibəsinin, Birinci Qarabağ müharibəsinin, erməni soyqırımının və terrorunun nəticəsidir. Əlillər əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə möhtacdırlar. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar belə, isti münasibət, doğmalardan və yadlardan qayğı, mərhəmət və diqqət umurlar. Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilmişdir. Əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq əlillər günü Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Ağcabədi rayonu üzrə 22052 nəfər əmək pensiyası və sosial müavinət alır.Onlardan 9205 nəfər yaşa,1505 nəfər ailə başçısını itirdiyinə,11342 nəfər isə əlilliyə görə müavinət alır. O cümlədən ; 577 nəfər I qrup,7604 nəfər II qrup,1580 nəfər III qrup əlildir.18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların sayı isə 1581 nəfərdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 3 Dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar sosial müdafiəyə daha çox ehtiyac duyan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara birdəfəlik maddi yardım ayırıb.ƏƏSMN-nin 22 noyabr 2016-cı il tarixli sərəncamı ilə Ağcabədi rayonu üzrə 73 nəfər sosial müdafiəyə ehtiyacı olan əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hər birinə 30,0 manat məbləğində birdəfəlik yardım verilməsi nəzərdə tutulmuşdur. Bugünədək Ağcabədi rayonu üzrə növbədə duran 55 nəfər Qarabağ müharibəsi əlili və onlara bərabər tutulan şəxslər müvafiq icra hakimiyyəti tərəfindən avtomobillə təmin edilmişdir. Ağcabədi rayonu üzrə növbədə olan Qarabağ müharibəsi əlili və şəhid ailələrinə müvafiq icra hakimiyyəti tərəfindən 16, 24 və 36 mənzilli yaşayış evi və 30 ədəd fərdi mənzillə təmin edilmiş, 2016-ci ilin noyabr ayına 217 nəfər növbədədir.2016 ci ildə 102 nəfər əlilliyi olan Ağcabədi rayon sakini sanatoriya- kurort yollayışları ilə təmin edilmişdir. Eyni zamanda Şöbənin 19 nəfərdən ibarət səyyar xidmət qrupu tərəfindən 186 nəfər Ağcabədi rayon sakininə xidmət göstərilmişdir. Tədbir Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etmişdir.