YAP- ın 24 illiyi münasibətilə Ağcabədidə tədbir keçirilmişdir.
Noyabr ayının 21-də YAP Ağcabədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının 24 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanına gələrək YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdi.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açıq elan etdi.
Azərbaycanın Dövlət himni səsləndi:
Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini tədbir iştirakçıları 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov geniş məruzə etdi. Natiq qeyd etdi ki, 1988-1993-cü illər Azərbaycanın tarixində ağır və içtimai-siyasi çətinliklərlə fərqlənən dövr idi. Bu tarixi dövrdə vətənimizin və xalqımızın düçar olduğu çətinlikləri aradan qaldırmaq, xalqın mübarizlik əzimini yüksəldən, onu öz ardınca aparmağa qadir olan bir siyasi partiyanın yaranmasına ciddi ehtiyac yaranmışdı. Şübhəsiz ki, bu partiyaya rəhbərlik edəcək şəxs xalq tərəfindən sevilən, cəsarət və gücünə inanılan, əməli ilə sözü bir olan, Vətənini böyük bir məhəbbətlə sevən, dərin zəkaya və proqmatik düşüncəyə malik bir insan olmalı idi. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, böyük hörmətə layiq insanlar, ziyalılar Ümummilli Lider Heydər Əliyevə müraciət edərək xalqı düçar olduğu bəlalardan qurtarmaq üçün çıxış yolu tapmağa çağırdılar. Xalqın bir ideya ətrafında birləşdirilməsi üçün isə vahid təşkilat, ideya birliyi gərək idi. Yaranmış ictimai –siyasi vəziyyətin ağırlığını nəzərə alan Respublikanın 91 nəfər tanınmış ziyalısı qeyd olunan bütün müsbət keyfiyyətləri özündə birləşdirən dahi siyasətçi Heydər Əliyevin simasında görərək, yeni partiyanın yaradılması ilə bağlı Ulu öndərə müraciət etdilər.
Ümummilli liderimiz Heydər Əliyev xalqın çağırışına səs verərək 24 oktyabr 1992-ci ildə gələcəkdə Azərbaycanın siyasi həyatında fəal iştirak edəcək Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurət olduğunu xalqa və ziyalılara çatdırdı.
Beləliklə, 1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfər nümyəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının Təsis Konfransı keçirildi, Partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Ulu Öndərimiz Heydər Əliyev Konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçildi.
Tədbirdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Hindarx qəsəbə ərazi ilk təşkilatının sədri Akif Qasımov, 11 saylı tam orta məktəbinin direktoru Lətafət Əlizadə, Ağcabədi Pedaqoji Kollecin tələbəsi Salatın Səmədova çıxış edərək, YAP-ın yaranması, onun keçdiyi çətin və şərəfli yol, ölkəmizin ictimai-siyasi həyatında oynadığı rol barədə tədbir iştirakçılarına məlumat verdilər.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov çıxış edərək, tədbirdə iştirak edən YAP fəallarını, eyni zamanda 681-mindən çox siyasi həmfikirləri öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının bütün üzvlərini təbrik etdi.
Şahin Məmmədov Yeni Azərbaycan Partiyasının yaranandan bu günədək keçdiyi tarixi yol barədə, bu yolda qarşıya çıxan çətinliklər və onların dəf edilməsi üçün Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti, YAP-ın hazırda ölkənin ictimai-siyasi həyatında tutduğu mövqe və oynadığı rol barədə məlumat verdi.
Tədbirdə Partiya həyatında səmərəli fəaliyyətinə görə bir qrup YAP fəalına YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı, eyni zamanda YAP sıralarına daxil olmuş gənclərə təntənəli şəkildə YAP vəsiqələri təqdim edildi.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş etdirildi.