ADPU-nun Ağcabədi filialında 18 Oktyabr Dövlət Müstəqilliyi günü qeyd edildi
18 oktyabr 2016-ci il tarixdə ADPU-nun Ağcabədi filialında 18 Oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan filialın direktoru, dos. Mətanət Fərzəliyeva qeyd etdi ki, xalqımız dövlət müstəqilliyini əldə edincəyə qədər çox mərhumiyyətlərə məruz qalmış, tarixin ağır sınaqlarından çıxmışdır. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşadı. 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Sovetinin sessiyasında “Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitutusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşdu.
Qeyd olunan əlamətdar günün vacib məqamlarına toxunan dos. M.Fərzəliyeva yaxın tarixi keçmişə nəzər salaraq, xalqımızın azadlıq müstəqilliyi yolunda öz ömrünü şam kimi əridən Ulu Öndərimiz Heydər Əliyevin tarixi xidmətlərindən, dövlət müstəqilliyimizin qorunması, ölkəmizin vətəndaş qarşıdurması zəminində siyasi sabitliyin əldə olunmasındakı tarixi xidmətlərindən danışdı.
Çıxış edənlər –filialın dosenti T.Kərimli, fəl.ü.fəl.d., b/m. M.Səlimov, dos. S.Süleymanov, b/m. X.Bədəlov, b/m.V.Fətullayev qeyd etdilər ki, Azərbaycan bu gün həm siyasi, həm iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Bütün bu uğurların yeganə qarantı Ümummilli Liderimiz Heydər Əliyevin zəkası ilə hazırlanan siyasi kusr və onu bacarıqla həyata keçirən ölkə Prezidentimiz İlham Heydər oğlu Əliyevin məqsədyönlü iş prinsipi və böyük siyasi iradəsidir.
Tədbir Ulu Öndərimizin məşhur kəlamı ilə yekunlaşdı. “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!”