18 oktyabr - Dövlət Müstəqilliyi günü münasibətilə Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil edilib
18 oktyabr – Dövlət Müstəqilliyi günü ərəfəsində Heydər Əliyev Mərkəzində silsilə tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq 13 oktyabr 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Ağcabədi rayon Gənclər və İdman idarəsi, Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və YAP Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə dəyirmi masa təşkil edilmişdir. Tədbiri giriş nitqi ilə Ağcabədi rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov açaraq bildirmişdir ki, Azərbaycan bütün çətinliyə, 70 illik zülm və əsarətə baxmayraq 1991-ci ilin oktyabr ayının 18-də müstəqilliyini yenidən bərpa etmiş, özünün suverən dövlətini yaratmışdır. Ancaq zamanın axarı ölkəmizi daha böyük sınağa çəkdi. Çətinliklər bahasına əldə etdiyimiz müstəqilliyimiz daxili çəkişmələr və xaici qüvvələrin müdaxiləsi nəticəsində təhlükə ilə üz-üzə qalmışdı. Böyük siyasi təcrübəyə malik olan Ümummilli Lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə tamamilə sovuşdu.
Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa çıxış edərək bildirmişdir ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cumhuriyyəti dövlət quruluşunun ənənələrini dirçəltmiş oldu. Azərbaycan Cumhuriyyəti bir çox dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik əlaqələr qurmuşdu.. Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşasa da xalqımız üçün çox böyük işlər gördü. Azadlığın dadını bilən xalqımız 70 illik əsarətdən sonra yenideən müstəqilliyini bərpa etdi. Müstəqillik qazandıqdan sonra onu tezliklə itirmək təhlükəsi ilə üz-üzə qalan xalqımız bu bəladan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra xilas oldu. Azərbaycan artıq bu gün dünyada tanınan ölkələrdən biridir.
Daha sonra tədbir Heydər Əliyev Mərkəzinin bələdçisi Emin Qasımovun məruzəsi ilə davam etdi.
Məruzədən sonra mövzu ətrafında diskussiyalara başlanıldı. Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Leyla Səfərova, YAP Ağcabədi rayon təşkilatının əməkdaşları Mehman Novruzov və Samir Məmmədov, Ağcabədi rayon Pedaqoji Kollecin müəllimi Elnur Xələfov, Ağcabədi rayon Pedaqoji Kollecin tələbəsi Anar Sadıqov çıxış etdilər.
Sonda Azərbaycan Dövlət Müstəqilliyindən bəhs edən video çarx nümayiş etdirildi.