Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası bağlı tədbir keçirilmişdir
“Gənclər üçün Təhsil Mərkəzi”nin Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən "İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi" əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və məktəbəqədər təhsil sisteminə dəstək məqsədilə Ağcabədi rayonunda “Uşaq Hüquqları Məktəbi” layihəsinin icrasına başlayıb.
Üç ay davam edəcək layihənin əsas məqsədi əlilliyi olan uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Layihə çərçivəsində BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq onların inkişaf və müdafiə hüquqları təlimlərin əsas mövzu bazasını təşkil edəcək. Bununla yanaşı uşaqlar üçün vahid təhsil sisteminin ilkin pilləsi olan məktəbəqədər tədris metodikası tətbiq olunaraq , onların intellektual, fiziki və psixoloji inkişafına şərait yaradacaqdır.
Mərkəzin Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı bildirib ki , 193 ölkə tərəfindən radifikasiya edilmiş Uşaq Hüquqları Konvensiyasının müdafiə hüququnun əsas müddəası olan əlilliyi olan qaçqın uşaqlara xüsusi qayğının göstərilməsi həyata keçirdiyimiz “Uşaq Hüquqları Məktəbi”nin əsas hədəf istiqamətidir. Həmçinin layihə çərçivəsində əməkdaşlıq edəcəyimiz dövlət qurumları ilə birgə uşaqların iştirak hüquqlarının təmin edilməsi ,onların cəmiyyətə inteqrasiyası həyata keçiriləcək.