Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Turizm işçiləri günü” ilə əlaqədar olaraq tədbir təşkil edilib
27 sentyabr 2016-cı il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Turizm işçiləri günü” ilə əlaqədar olaraq tədbir təşkil edilmişdir. Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi tədbirdə 27 sentyabr Ümumdünya Turizm günü haqqında ətraflı məlumat verilərək bildirildi ki, 1925-ci ildən etibarən Cenevrə şəhərində müxtəlif adlar altında fəaliyyət göstərən Turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb. 1979-cu ildə isə Təşkilat tərəfindən 27 sentyabr tarixi Ümumdünya Turizm Günü kimi təsis edilib. Ümumdünya Turizm günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur.
Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 01 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında “Turzim işçiləri günü” peşə bayramı kimi qeyd edilir.
Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010–2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun olaraq həyata keçirilən çoxsaylı layihələr ölkədə bu sahənin inkişafına yeni töhfələr vermişdir. Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşması və regionlarda turizmin inkişafı olmuşdur. Cənab Prezident İlham Əliyevin 2011-ci ili Azərbaycanda “Turizm ili” elan etməsi dövlətimizin bu sahənin inkişafına olan qayğısının bariz nümunəsi idi.
O da qeyd edildi ki, turizm sahəsində aparılan islahatlar, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tədbirlərin hər biri Azərbaycanın yüksək səviyyədə təbliğinə əsaslanmışdır.
Daha sonra məktəblilərə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyinin xüsusi layihəsi ilə çəkilmiş, Ağcabədi rayonu ərazisində yerləşən “Ağgöl Milli Parkı”ndan bəhs edən “Quşlar cənnəti – Ağgöl Milli Parkı” adlı sənədli filmi nümayiş etdirilmişdir.