Beyəlxalq Sülh günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində sərgi təşkil edilib
21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT tərəfindən 1981-ci ildə təsis edilən sülh günü ilk dəfə həmin ilin sentyabrında qeyd olunub. 2001-ci ildə isə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 21 sentyabr tarixi BMT tərəfindən Beynəlxalq Sülh günü kimi müəyyənləşdirilib və bu tarixi ümumdünya atəşkəs günü elan edilib.
Beynəlxalq Sülh günü 20 faizi işğal altında olan və bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənlərindən didərgin düşmüş, uzun illər ərzində qurduqları ev-eşiklərindən məhrum olmuşlar. Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaqgörənlik göstərərək qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında imzalanmış atəşkəslə müharibə dayandırıldı, ölkədə sabitliyə nail olundu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi.
Beynəlxalq Sülh günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində də 14 sentyabr 2016-cı il tarixindən etibarən sərgi təşkil edilib. Üç hissədən ibarət olan sərginin birinci hissəsində “müharibə və uşaqlar” mövzusu yer alıb.İkinci hissədə sülh gününə həsr olunmuş, sülhə çağıran fotoşəkillər və məşhur rəssamların əl işlərinin fotoları sərgilənib. Sərginin üçüncü hissəsi isə işğala məruz qalmış ölkələrin bayraqları və “Yurdda sülh, cahanda sülh” şüarı ilə tamamlanır.
Ziyarətçilərin marağına səbəb olan sərgi ilə bu gün də məktəblilər tanış olmuş və onlara, həmçinin Beynəlxalq Sülh günü haqqında ətraflı məlumat verilmişdir.
Qeyd edək ki, sərgi 30 sentyabr 2016-cı il tarixinədək davam edəcəkdir.