Şriftin ölçüsü :

Saytın rəngi :

“Açıq qapı” günündə valideynlər və qonaqlar hərbi hissədə yaradılan şəraitlə tanış olublar

11 sentyabr 2016 | 11:00

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, sentyabrın 11-də Qurban bayramı münasibəti ilə Ağcabədi rayonu ərazisindəki “N” hərbi hissəsində əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən  hərbi hissənin komandiri polkovnik leytenant Səxavət Əmirov şəxsi heyəti və valideynləri milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların rəmzi olan Qurban bayramı münasibətilə təbrik edib, onlara əmin-amanlıq və cansağlığı arzulayıblar. Çıxışlarda ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işlərdən söhbət açılıb. Bildirilib ki, Azərbaycan ordusu bu gün regionun ən güclü ordusuna çevrilib. Ordumuzun qarşısında duran ən vacib vəzifə işğal altında olan torpaqlarımızın azad edilməsi, respublikamızın ərazi bütövlüyün bərpa olunmasıdır. Silahlı qüvvələrimiz bu vəzifəni yerinə yetirməyə hazırdır və buna qadirdir.
Valideynlər çıxış edərək, günü-gündən qüdrətlənən Azərbaycan ordusu ilə fəxr etdiklərini bildirib, əsgərlərimizə Vətənə şərəflə xidmət etməyi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda Ali Baş komandanın əmri ilə hər an döyüşə atılmağa hazır olmağı tövsiyə ediblər. Onlar hərbi hissədə texnika və silahlarla, qida rasionuna daxil olan ərzaq nümunələri, əsgər geyimləri ilə yaxından tanış olub, şəxsi heyətin xidmət və məişəti üçün yaradılan şəraitlə maraqlanıb, yataq yerlərinə, tibb məntəqəsinə və yeməkxanaya baş çəkiblər. Valideynləri maraqlandıran suallar hərbi hissə komandanlığı tərəfindən cavablandırılıb.                                        
AZperss.AZ-ın müxbiriylə söhbətində əsgər anası müğənni Səbirə Kazımova fikirlərini belə ifadə edib: “Əsgərlərin geyimindən, onlara verilən yeməklərdən, hərbi hissədəki təmizlikdən və səliqə-sahmandan çox razı qaldım. Bütün bunlara görə dövlətimizə, Ali Baş komandana minnətdaram”. Səbirə Kazımova əsgərlər və gələn qonaqların xahişiylə  şux bir mahnı ifa edərək , əsgərləri rəqsə dəvət edərək onlarla rəqs etdi.
Ağcabədi rayon Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi məktəbinin müəllim və şagird kollektivinin ifasında   rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl bayram əhval ruhiyyəsi yaradıb.  Qonaqlar əsgərlərlə birgə rəqs edib, şənləniblər. Sonra əsgərlər və valideynlər birgə nahar ediblər.

Keçidlər