Ağcabədi rayonunun Qaradolaq və Mehrablı kəndləri təbii qazla təmin olunub.
18 avqust 2016-cı il tarixdə saat 10:00-da Ağcabədi rayonu Qaradolaq kəndində 620 abonentə və Mehrablı kəndində 249 abonentə mavi yanacağın verilməsi ilə əlaqədar açılış mərasimi olmuşdur.
Açılış mərasimində Tərtər Regional Qaz İstehsalat Birliyinin müdir müavini Elməddin ibrahimov iştirak etmişdir.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Şahin Məmmədov çıxış edərək qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə başlayan inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır.Bunun da bariz nümunəsidir ki, bu gün Qaradolaq və Mehrablı kəndlərinə təbii qazın verilməsi təmin olunmuşdur. Kəndlərin əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir. Natiq onu da qeyd etmişdir ki, son illərdə Respublikamızda, eləcə də rayonumuzda Dövlət qayğısının nəticəsi olaraq əhalinin həyat şəraitinin yaxşılaşdırılması baxımından, problemlərinin aradan qaldırılması üçün xeyli işlər görülmüşdür.
Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olması bu gün dövlətimizin əsas inkişaf meyarlarını səciyyələndirən amillərdən biridir.
Tədbirdə Qaradolaq və Mehrablı kəndlərinin ağsaqqalları və ziyalıları, qonaqlar çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.