Şriftin ölçüsü :

Saytın rəngi :

TQDK-nın Ağcabədi regional bölməsinin əhatə etdiyi rayonlarda buraxılış imtahanları uğurla başa çatıb

21 iyun 2016 | 11:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 21-də qurumun Ağcabədi regional bölməsinin əhatə etdiyi Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrində təhsil alan IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
TQDK-nın Ağcabədi regional bölməsinin müdiri Samir Əliyev  bildirib ki, imtahanların keçirilməsi üçün Ağcabədidə 4, Bərdədə 5, Ağdamda 2, Tərtərdə 2, Füzulidə 4, Beyləqanda 4, Zərdabda 2 imtahan mərkəzi ayrılıb. Buraxılış imtahanlarında iştirak etməli olan şagirdlərin ümumi sayı 14 min 456 nəfərdir. Həmin məktəblilərin 7862 nəfəri IX sinif, 6594 nəfəri isə XI sinif şagirdidir.
IX sinif şagirdləri üçün buraxılış imtahanları saat 10-da başlayıb və 2 saat davam edib. Şagirdlərə ana dili və riyaziyyat fənlərinin hər biri üzrə 30, ümumilikdə, 60 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər sual kitabçasında təqdim olunan mövzu üzrə yazı işi də yerinə yetiriblər
XI sinif şagirdləri üçün buraxılış imtahanları saat 15-də başlayıb. İmtahanlar ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Xarici dil tədris olunmayan şagirdlər isə xarici dilin yerinə kimya fənnindən imtahan veriblər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə, 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər sual kitabçasında təqdim olunan mövzu üzrə yazı işi də yerinə yetiriblər. Test tapşırıqlarına 2 saat 15 dəqiqə, yazı işinə isə 30 dəqiqə vaxt ayrılıb.Buraxılış imtahanları 58 imtahan rəhbəri və 715 nəzarətçi müəllim tərəfindən idarə olunub. Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.

Keçidlər